FİFA ÜZR İSTƏDİ

FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı planından sonra rəsmi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, ali futbol qurumu layihənin dayandırıldığını və yaranmış vəziyyətə görə üzr istədiyini bildirib.
FİFA-nın prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən təşkilatın Şurasının üzvlərinə göndərilən məktubda qeyd olunub ki, federasiya gələcəkdə bu cür məsələlərdə prosesləri təkmilləşdirəcək:
“Artıq məlumdur ki, FİFA üzvləri və Şura tərəfindən təsdiqlənməli olan təklif hazırda nəzərdən keçirilmir. Layihənin bağlanması ilə əlaqədar FİFA öz dürüstlüyünə, düzgün idarəetmə prinsiplərinə və müəyyən edilmiş prosedurlara əməl etməsinə qarşı hər hansı hücumları qəbul etməyəcək.
Səhvlərə yol verilsə də, görülən bütün işlər FİFA-nın normativ-hüquqi bazasına tam uyğun həyata keçirilib. Bu təcrübədən nəticə çıxararaq proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”.
Qurum həmçinin "FIFA Forward" proqramı çərçivəsində futbolun inkişafını dəstəkləmək imkanlarını araşdıracağını açıqlayıb.
Qeyd edək ki, FİFA-nın dünya çempionatının yayım hüquqlarının satışı üçün yeni kommersiya strukturu – “FIFA Forward Enterprise” (FFE) yaratmaq planı ortaya çıxmışdı. Lakin UEFA-ya üzv ölkələrin mümkün boykotu və konfederasiyaların sərt tənqidindən sonra Canni İnfantino bu ideyadan geri çəkilmişdi.
Bundan əlavə, FİFA prezidenti yaranmış vəziyyətlə bağlı Şura üzvlərinə yazılı şəkildə üzr istəyib.