“Yaşıl Top” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib

AFFA-nın "Yaşıl Top" sosial layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Gülnarə Cəfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, "Təmiz Şəhər" ASC-nin mətbuat katibi Orxan Cabbarov, AFFA-nın Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinin nümayəndələri, eləcə də layihənin səfiri, Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev iştirak ediblər.
Görüş zamanı şagirdlərə ətraf mühitin qorunması, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Mövzular ətrafında interaktiv müzakirələr aparılıb. Layihənin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasına töhfə vermək və futbol vasitəsilə sağlam, dayanıqlı həyat tərzini təşviq etməkdir. Tədbirin sonunda Qara Qarayev tərəfindən məktəbə xatirə olaraq imzalı futbol topu hədiyyə edilib. Şagirdlərə sabiq futbolçunun imzalı fotoları təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Daha sonra iştirakçılar məktəbin həyətində keçirilən ağacəkmə aksiyasına qatılıblar.