ÇSKA-nın sabiq futbolçusu: “Qarabağ”ı şişirdiblər”

“Qarabağ”ın mediada təqdim edildiyi qədər güclü komanda olmadığını gördük”.
Apasport.az xəbər verir ki, bu sözləri ÇSKA-nın sabiq futbolçusu Georgi Georgiyev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.
1988–1991-ci illərdə və 1996-cı ildə Sofiya klubunun formasını geyinmiş bolqarıstanlı mütəxəssis ÇSKA-nın cavab görüşündə qalib gələcəyinə inandığını bildirib.
“ÇSKA Azərbaycanda məni yaxşı mənada təəccübləndirdi, çünki komanda əla oynadı. İndi qarşıda daha çətin vəzifə – Sofiyadakı cavab matçı var. Məncə, eyni şəkildə, bəlkə də bir qədər daha aqressiv oynamalıyıq. Çünki “Qarabağ”ın o qədər də güclü olmadığını gördük. Media onları həddindən artıq şişirtmiş, çox qorxulu komanda kimi təqdim etmişdi. Amma mən qorxulu heç nə görmədim. Onların üç-dörd yaxşı futbolçusu var, vəssalam. Ümumilikdə oyun bərabər səviyyədə keçdi, bəzi epizodlarda isə ÇSKA üstün idi.
Cavab matçında qalib gəlməliyik. Bu nəticə Avropada uzun müddət mübarizə aparmaq üçün perspektiv yaradacaq. 0:0 və ya 1:1 hesablı heç-heçə üçün oynamaq lazım deyil. “Qarabağ” təzyiq altında çoxlu səhvə yol verdiyini göstərdi. ÇSKA-nın çoxlu analitikləri var və komanda azarkeşlərdən də böyük dəstək alacaq. Ümid edirəm ki, qalib gələcəyik”, – deyə Georgiyev bildirib.
Qeyd edək ki, tərəflər arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatıb. Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.