İdman24
Digər · APA Sport

Valdas Dambrauskas: “Bunun həllini tapacağıq”

Misli Premyer Liqasının I turunda "Sabah" "Kəpəz"i məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Futbolçuların fərdi çıxışları üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə. Biz indicə ağır və emosional baxımdan gərgin bir matç keçirdik. Heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə də meydana çıxan futbolçuları sərt şəkildə qiymətləndirmək ədalətsiz olardı.

İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbəni əldə edə bildik. İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel Beer-Şeva”ya qarşı çox çətin matç gözləyir".

- Siz avrokubokun əsas mərhələsində, həmçinin çempionat və kubokda mübarizə aparacaqsınız. Sizcə, heyətiniz kifayət qədər genişdir?

- Mən başa düşürəm ki, eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq. Lakin biz 50 futbolçu sifariş edib üç fərqli heyətlə oynaya bilmərik. İlk dəfə üç cəbhədə mübarizə aparacağıq. Elə həftələr olacaq ki, üç oyun keçirməli olacağıq. Vəziyyəti anlayırıq və bunun həllini tapacağıq. Bu gün iştirak ərizəsində 23 futbolçu var idi və onların bəzilərinə istirahət verdik. Həqiqətən, keyfiyyətli futbolçu seçimimiz var. Bu gün qapını 20 yaşlı azərbaycanlı qapıçıya etibar etdik.Mövcud heyəti gücləndirmək lazımdır, sadəcə yeni transferlər etmək yox. Bununla belə, bizə uyğun futbolçu variantı ortaya çıxarsa, onu komandaya dəvət etməyə hazırıq. Çempionlar Liqasının pley-offu mərhələsinə məhz bu heyətlə yaxınlaşırıq və nəticələrimiz də onun yüksək səviyyəsini təsdiqləyir.

Orijinal mənbə

İdman24 əsas səhifə