Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Denis Djorkaeffin ölkənin Futbol Federasiyasına prezident təyin olunması ehtimalına münasibət bildirib.
Apasport.az xəbər verir ki, hökumət başçısı brifinq zamanı federasiya rəhbərinin erməni dilini bilməsinin vacibliyini vurğulayıb.
“Futbol Federasiyasının prezidenti Ermənistanın dövlət dilini bilməlidir. Baş məşqçilərə münasibətdə isə bu tələbi məcburi etmək lazım deyil. Burada çeviklik göstərmək və milli komandaya ən yaxşı mütəxəssisləri cəlb etmək vacibdir”.
Qeyd edək ki, noyabrın 4-də Ermənistan Futbol Federasiyasının növbədənkənar iclasında prezidentliyə namizədlər üçün erməni dilini bilmək və son bir ildə ölkədə daimi yaşamaq tələbləri ləğv edilib. Dəyişikliklər 29 lehinə, 2 əleyhinə səslə qəbul olunub.
Federasiya prezidentliyinə seçkilərin dekabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulur.