İdman24
Digər · APA Sport

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

Misli Premyer Liqasının VII turunda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib.

"Bura gələn azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Heyətdə itkilərimiz var idi. Meydana çıxan futbolçular onları layiqincə əvəz etdilər. Bilirdik ki, çox çətin oyun olacaq. "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişiklik adətən komandaya müsbət təsir göstərir. Yeni məşqçinin oyun üslubunu təhlil etmək üçün imkanlar tapa bilmirdik. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Onlara təşəkkür edirəm. Rəhbərlik bizə hərtərəfli dəstək olur. Bu qələbə onların zəhmətinin bəhrəsidir. Oyun çox dinamik keçmədi. Əsas qələbə idi. Buna da nail olduq".

Mütəxəssis daha sonra "Apasport"un suallarını cavablandırıb:

- Sizcə, Rojerio Santos və Viktor Stina komandanın neçə faizidir? - Faiz olaraq danışmayacam. Hər futbolçunun hansısa üstünlüyü, bacarığı ola bilər. Bizdə də elə futbolçular var. Çalışırıq ki, ad olaraq yox, yaxşı komanda yaradaq. Hansısa futbolçu daha çox seçilə bilər. Amma biz komandayıq. Belə də davam edəcəyik.

- Namik Ələskərovla Rəhman Hacıyevi gələcəkdə də eyni anda meydanda görə bilərik? - Bəli, olacaq. Hazırda optimal heyətimizi tam qərarlaşdırmağa çalışırıq. Namik Rəhmanla da, Abubakarla da birlikdə oynayacaq. Komandada elə futbolçu qalmayacaq ki, ona şans verilməsin. Hamıya şans verəcəyik.

- "Zirə" ilə xallarınız bərabərləşdi. Növbəti turda onlarla oynayacaqsız. Həmin qarşılaşmanı 6 xallıq oyun adlandırmaq olar? - Bizim üçün qazandığımız hər xal elə 6 xaldır. Çünki bizim müəyyən maliyyə dəstəyimiz və ona uyğun gücümüz var. "Zirə"yə gəlincə, bizi Gəncədə çox ağır oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərə yaxşı oyun göstərib xallar qazanacağıq.

Orijinal mənbə

İdman24 əsas səhifə