Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir

AFFA İcraiyyə Komitəsinin 2025-ci il iyunun 25-də keçirilən iclasında verilən qərara uyğun olaraq, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işləri davam etdirilir.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Stadionda "FIFA Quality Pro" sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir. Həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır. Bu istiqamət üzrə artıq cari ilin avqustunda Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində "Sabahın ulduzları" turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur.