“Monako” Poqba ilə müqaviləyə XİTAM VERDİ

Fransa millisinin sabiq futbolçusu Pol Poqba ilə “Monako” arasında müqaviləyə xitam verilib.
Apasport.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra azad agent kimi “Monako”ya keçmişdi. Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.
Lakin zədələr Poqbanın “Monako”dakı karyerasına ciddi təsir edib. O, Fransa təmsilçisinin heyətində cəmi 6 oyunda meydana çıxaraq ümumilikdə 115 dəqiqə oynayıb. Təcrübəli futbolçu avqustun əvvəlində komandanın İngiltərədəki təlim-məşq toplanışında yenidən zədələnib.
“Monako”nun açıqlamasında tərəflərin yeni mövsümün ilk rəsmi oyunundan əvvəl müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi bildirilib.
Poqbanın bundan sonra futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Pol Poqba karyerası ərzində “Mançester Yunayted” və “Yuventus” klublarında da çıxış edib.