Bayçetiç “Liverpul”dan ayrıldı – İspaniyaya qayıtdı

“Liverpul” yarımmüdafiəçisi Stefan Bayçetiçlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniyanın “Selta” klubuna birdəfəlik transfer olunub.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bayçetiç bununla da 5 il yarımdan sonra yetirməsi olduğu “Selta”ya qayıdıb. O, 2021-ci ilin fevralında Viqo klubundan “Liverpul”a keçmişdi.
İspaniyalı yarımmüdafiəçi “Liverpul”un əsas komandasında 22 oyuna çıxıb və 1 qol vurub. O, 17 yaşında Yurgen Kloppun rəhbərliyi altında Premyer Liqada “Bornmut”la 9:0 hesabı ilə başa çatan matçda debüt edib.
Bayçetiç 2024/2025 mövsümünü icarə əsasında “Zalsburq” və “Las Palmas”da keçirib. O, həmin mövsüm ümumilikdə 33 matçda meydana çıxıb.
Qeyd edək ki, zədələr səbəbindən Bayçetiç 2025/2026 mövsümündə rəsmi oyunda iştirak etməyib.