Ayxan Abbasovdan "Sabah"a: Dualarımız sizinlədir

“Rəqib ilk oyunda daha dominant oyun üslubu sərgilədi”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis “Sabah”ın cavab oyununda daha aqressiv və üstün futbol sərgiləməli olduğunu bildirib:
“Burada azarkeş amili böyük önəm kəsb edir. Fikrimcə, meydan amili Bakı təmsilçisinin işinə yarayacaq. Komandamız ilk dəqiqələrdən daha üstün, rəqibi öndə qarşılayan üslubda çıxış etməlidir. "Sabah” da topsuz oyunu sevən komandadır. İlk qarşılaşmada təmsilçimizin uğurlu sonluqla bitməyən bir çox epizodu oldu. Lakin Coy-Lens Mikelsin bu fürsətlərdən istifadə edə bilməməsi komandanı 1:2 hesablı məğlubiyyətə düçar etdi. İnanıram ki, bu görüşdə “Sabah” inamlı çıxış edəcək”.
Ayxan Abbasov Çempionlar Liqasında hər bir səhvin ciddi nəticə verə biləcəyini vurğulayıb:
“Çempionlar Liqasında asan rəqib yoxdur. Burada daha diqqətli çıxış etməlisən. İlk qolu buraxa da bilərsən, hesabı erkən açan tərəf sən də ola bilərsən. Lakin 90 dəqiqənin sonuna qədər qorxmamalı, fərdi səhvlərdən yayınmalısan. Çünki rəqib səhvi bağışlamır. Həmçinin, bu, “Sabah” üçün bir təcrübədir. Azarkeşlər onlar üçün Tofiq Bəhramov adına Respublika stadionunu da dolduracaqlar. Futbolçuların da buna çox ehtiyacı var. Komandanın Liqa mərhələsinə vəsiqə qazanması hər birimiz üçün önəmlidir. Bu, yalnız “Sabah” üçün yox, Azərbaycan futbolu üçün vacib məqamdır. Bilirsiniz ki, təmsilçilərimizdən birinin əsas mərhələyə vəsiqə qazanması mövsümün sonunda digər klublarımıza da böyük dəstək verir. Onların UEFA-dan qazancı daha çox olur. Ona görə də bütün Azərbaycan olaraq ürəyimiz, dualarımız “Sabah”ladır. Millimizdə çıxış edən futbolçular üçün də bu, müsbət haldır. Onlar bunun sayəsində böyük oyun təcrübəsi əldə edirlər”.
Millinin baş məşqçisi qarşılaşmanın əlavə vaxta və penaltilər seriyasına qədər uzana biləcəyini də istisna etməyib:
“Bu, Çempionlar Liqasına vəsiqə qazanmaq üçün son düzlükdür. Burada oyun əlavə vaxta da, penaltilər seriyasına da gedə bilər. Məqsəd turu keçməkdirsə, hər bir vəziyyətə hazır olmaq lazımdır. “Sabah”ın çox güclü baş məşqçisi var. İnanıram ki, bütün bu nüansları məşq vaxtlarında futbolçularına bildirib”.
Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.