İdman24
Digər · APA Sport

İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”

“Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirmək istədiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı argentinalı futbolçu bu barədə “La Repubblica” nəşrinə müsahibəsində danışıb.

Hazırda klubsuz olan İkardi hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu bildirib:

“Artıq futbol üçün verəcək heç nəyimin qalmadığını düşünənlərə meydanda cavab vermək istəyirəm. Hələ çox şey edə bilərəm. Yenidən qələbələr qazanmaq və kuboklar əldə etmək arzusundayam”.

Təcrübəli hücumçu yay transfer dövründə niyə heç bir klubla müqavilə imzalamadığını da açıqlayıb:

“Mən də noyabr ayında klubsuz qalacağımı gözləmirdim. Təkliflər almışam, lakin sadəcə komandam olsun deyə seçim etmək istəmədim. Tam inanmadığım layihəyə qoşulmaqdansa, gözləməyi üstün tutdum”.

İkardi keçmiş klubu “İnter”ə qayıtmaq ehtimalına da münasibət bildirib:

“Bu, xüsusi olardı. Orada çox önəmli illər keçirmişəm, kapitan sarğısını daşımışam. Karyeramın mühüm hissəsini həmin klubda qurmuşam. Ayrılığımız ağrılı oldu və bu hekayəni fərqli şəkildə tamamlamaq istərdim. Ancaq qayıdış yalnız hər iki tərəfin istəyi və ortaq hədəfi olduğu halda məntiqli olar”.

Argentinalı futbolçu İtaliya futbolu üçün darıxdığını da gizlətməyib:

“İtaliya üçün çox darıxıram. Orada həm insan, həm də futbolçu kimi formalaşmışam. Məni həyəcanlandıran və böyük uğurlar qazana biləcəyim bir layihə ilə geri dönmək istəyirəm”.

İkardi “Qalatasaray” azarkeşləri haqqında da danışıb. O, İstanbulda gördüyü sevgini heç vaxt unutmayacağını vurğulayıb:

“Bir ailənin övladına sənin adını verməsi böyük hadisədir. Bu, məni çox duyğulandırır. Azarkeşlər komandaya nə qədər bağlı olduğumu hiss edirdilər. İstanbulda gördüyüm sevgi həmişə qəlbimdə xüsusi yer tutacaq”.

Qeyd edək ki, Mauro İkardi 2026-cı ilin yayında “Qalatasaray”dan ayrılıb. İstanbul təmsilçisində dörd mövsüm keçirən hücumçu klubla dörd dəfə Türkiyə çempionu olub. O, daha əvvəl “Sampdoriya”, “İnter” və PSJ-də çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə