İdman24
Digər · APA Sport

Rəşad Sadıqov: “Çox məyusedici xal itkisidir”

"Zirə" Misli Premyer Liqasının XII turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, "İmişli" ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda... Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olan qələbə qazanmaq çətindir. Növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq".

- Penalti epizodlarını necə şərh edərsiz?

- Ətraflı baxmamışıq. Daha sonra baxacağıq. Çox da uzun-uzadı şərh etmək istəmirəm. Amma son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tepmi düşürdü. Artırılan vaxtın da 3 dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaıtiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir.

- Penalti təyin olunanda hakimə etiraz etmədiz...

- Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Oyunlarda elə məqamlar olur ki... Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik.

- Milli komandanın son oyunlarını necə dəyərləndirirsiz?

- Yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular.

- Emin Mahmudov milli karyerasını başa vurdu. Bununla bağlı nə deyə bilərsiz?

- Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə