İdman24
Digər · APA Sport

İspaniyada faciə – Kral Kubokunun 24 oyunu təxirə salındı

İspaniyada baş verən ağır dəmir yolu qəzası səbəbindən ölkədə bu gün keçirilməli olan futbol qarşılaşmaları təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi açıqlama yayıb.

Bildirilib ki, Toledo əyalətində oktyabrın 28-də səhər saatlarında baş verən faciəvi qəzada zərərçəkənlərlə həmrəylik nümayiş etdirmək məqsədilə belə qərar qəbul olunub.

Qərara əsasən, İspaniya Kral Kubokunun birinci mərhələsində bu gün keçirilməsi planlaşdırılan 24 qarşılaşmanın hamısı təxirə salınıb. Bununla yanaşı, federasiyanın təşkilatçılığı altında keçirilən digər yarışların bugünkü oyunları da baş tutmayacaq.

RFEF təxirə salınan matçların yeni tarixləri və başlama saatlarının yaxın günlərdə açıqlanacağını bildirib.

Federasiya faciə qurbanlarının yaxınlarına başsağlığı verərək zərərçəkənlərə yardım göstərmək üçün müvafiq qurumlarla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Qeyd edək ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki yüksəksürətli sərnişin qatarının toqquşması nəticəsində, azı 50 nəfər həyatını itirib, 179-dan çox insan yaralanıb.

Madrid–Sevilya xəttində baş verən qəzada hərəkətsiz vəziyyətdə olan qatara digər qatarın arxadan çırpıldığı bildirilir.

Orijinal mənbə

İdman24 əsas səhifə