Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Təcrübəli mütəxəssis ikinci dəfə yığmanın “sükanı arxası”na keçib.
İtaliya Futbol Federasiyası əvvəlcə Karlo Ançelotti və Pep Qvardiola ilə maraqlanıb. Ançelotti Braziliya millisində qalmaq qərarına gəlib, Qvardiola isə karyerasına fasilə vermək və ailəsiylə daha çox vaxt keçirmək istədiyi üçün təklifi qəbul etməyib.
Daha sonra əsas namizəd Andrea Pirlo olub. Hətta tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə üzrə şifahi razılıq əldə edildiyi bildirilib. Lakin Pirlo ilə Rusiyanın mərc şirkəti “Fonbet” arasındakı əməkdaşlıq İtaliyada etirazlara səbəb olub və federasiya onun təyinatından imtina edib.
Bu qərardan sonra Pirlonun namizədliyini dəstəkləyən federasiyanın texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo vəzifələrindən istefa veriblər.
Qeyd edək ki, Roberto Mançini 2018–2023-cü illərdə də İtaliya millisini çalışdırıb. O, komandanı AVRO-2020-nin qalibi edib. Mançini 2023-cü ilin avqustunda vəzifəsindən ayrılmışdı.