İspaniyada qalmaqal – La Liqa matçı yarımçıq dayandırıldı

İspaniya La Liqasının VIII turunda keçirilən “Rayo Valyekano” – “Atletik Bilbao” qarşılaşması yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, buna meydan sahibi komandanın azarkeşlərinin törətdiyi insident səbəb olub.
Madrid təmsilçisinin tərəfdarları klub prezidenti Raul Martin Presanın idarəçiliyinə etiraz edərək meydana yüzlərlə kağız təyyarə və kiçik plastik toplar atıblar.
İlk insident görüşün 13-cü dəqiqəsində yaşanıb. Baş hakim Xose Mariya Sançes Martines oyunu dayandırıb. Meydança təmizləndikdən sonra qarşılaşma bərpa olunsa da, azarkeşlər yenidən meydana əşyalar atıblar.
Təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələrin təkrarlanması səbəbindən hakim matçı birdəfəlik dayandırmaq qərarına gəlib. Polis təhlükəsizliyin təmin edilməsinə zəmanət verə bilmədiyini bildirib.
Azarkeşlərin narazılığına səbəb klub rəhbərliyinin fəaliyyəti və “Valyekas” stadionundakı təhlükəsizlik problemləridir. Stadion mövsümün əvvəlində aşkarlanan ciddi çatışmazlıqlar səbəbindən müvəqqəti bağlanmışdı.
Qeyd edək ki, 0:0 hesabı ilə dayandırılan qarşılaşmanın yeni tarixi hələ açıqlanmayıb. La Liqanın məlumatına görə, görüş oktyabrın 10-da və 11-də davam etdirilməyəcək.