İdman24
Futbol · APA Sport

Karen Vardanyan: “Neftçi”ni heç bir halda kiçiltməyəcəyik” - MÜSAHİBƏ

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən Belarusun “Dinamo” (Minsk) klubunun futbolçusu Karen Vardanyan matçdan sonra Apasport.az saytının suallarını cavablandırıb.

– Komandanız iki top geriyə düşsə də, sınmadı. Belə bir başlanğıcı gözləyirdiniz? – Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma şükürlər olsun ki, matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.

– Cavab oyunundan nə gözləyirsiniz? Qarşılaşma neytral meydanda keçiriləcək. – Bu, hələ tərəflərin ilk oyunudur. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.

– “Neftçi”nin də cavab matçında nəsə edə biləcəyini düşünürsünüz? – Bəli, onlar yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var. Heç bir halda rəqibi kiçiltməyəcəyik. Yüz faiz gücümüzlə mübarizə aparacaq və növbəti mərhələyə yüksəlmək üçün hər şeyi edəcəyik.

– Bu oyunu Avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar? – Bəli, demək olar. Bakı bu baxımdan mənim yaddaşımda qalacaq.

– Bakıda qol vurmaq sizin üçün prinsip məsələsi idi? – Xeyr. Bakı ilə bağlı xüsusi prinsipiallığım olmayıb. Sadəcə, bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün fərq etmirdi.

– Fasilədə baş məşqçi komandaya nə dedi ki, ikinci hissədə tam fərqli oyun sərgilədiniz? – Bu sualı məşqçiyə vermək lazımdır. Mən bu barədə danışmaq istəmirəm.

– Cavab görüşündə də qol vuracağınıza inanırsınız? – Ümid edirəm ki, bəli. Buna zəmanət verə bilmərəm. Amma bunun üçün əlimdən gələni edəcək, maksimum çalışacağam.

Orijinal mənbə

İdman24 əsas səhifə