Kotbusda qızıl uçuş: Gimnastlarımızdan yüksək nəticələr

17–18 oktyabr tarixlərində Almaniyanın Kotbus şəhərində batut gimnastikası üzrə Dünya kuboku keçirilib. Azərbaycanı yarışda fərdi proqramda Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq sinxron proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə Hüseyn Abbasov və Maqsud Mahsudov təmsil ediblər.
Yarışın final mərhələsində uğurla çıxış edən gimnastlarımız ölkəmizin idman uğurlarına daha bir töhfə veriblər. Fərdi proqramda mübarizə aparan Selcan Mahsudova 55.540 xal toplayaraq qızıl medal qazanıb. Qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov tandemi isə 51.510 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gimnastlarımızın uğurları bununla da məhdudlaşmayıb. Mövsüm ərzində keçirilən Dünya kuboku mərhələlərində nümayiş etdirdikləri yüksək və stabil nəticələr Hüseyn Abbasov və Maqsud Mahsudova kişi sinxron proqramında Dünya kuboku seriyalarının qalibi olmaq imkanı qazandırıb. Qarışıq sinxron proqramda da Selcan Mahsudova və Maqsudov Maqsudov Dünya kuboku seriyalarının qalibi adına layiq görülüblər.
Fərdi proqramda isə Selcan Mahsudova mövsümün yekunlarına əsasən Dünya kuboku seriyalarının ümumi sıralamasında üçüncü pillədə qərarlaşıb.
Bu mövsüm ərzində nümayiş etdirdikləri əzmkarlıq, peşəkarlıq və yüksək idman hazırlığı ilə seçilən gimnastlarımızı əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni qələbələr arzulayırıq!