Tamblinqçilərimiz Dünya çempionatının finalında

Tamblinq üzrə milli komandamızın üzvləri Mixail Malkin və Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıblar.
Noyabrın 6-da baş tutan ikinci təsnifat mərhələsində Mixail Malkin 30.100 xalla üçüncü, Tofiq Əliyev isə 29.600 xalla altıncı nəticəni göstərərək həlledici mərhələdə iştirak hüququ əldə ediblər.
Eyni mərhələdə çıxış edən digər təmsilçimiz Aleksey Karataşov 26.800 xalla 13-cü yerdə qərarlaşıb. Qeyd edək ki, Aleksey Karataşov böyüklər yaş kateqoriyasında ilk dəfə Dünya çempionatında çıxış edir.
Tamblinqçilərimiz bu gün komanda yarışlarının finalında da medallar uğrunda mübarizə aparacaqlar. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovun yer aldığı milli komandamız təsnifat mərhələsini lider kimi tamamlayaraq finala yüksəlib.
Yarışın proqramına əsasən, kişilər arasında tamblinq üzrə fərdi final noyabrın 7-də keçiriləcək. Mixail Malkin və Tofiq Əliyev həmin gün Dünya çempionatının medalları uğrunda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, 4–8 noyabr tarixlərini əhatə edən 39-cu Dünya çempionatı altı qitədən 367 gimnastı bir araya gətirib. Çempionatda müxtəlif proqramlar üzrə ümumilikdə 16 dünya çempionluğu titulu uğrunda yarışlar keçirilir.