İdman24
Gimnastika · Gimnastika Federasiyası

Nankində tarixi nailiyyət

12–15 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü Gənclər arasında Dünya çempionatı və 32-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu nəticələrə imza atıblar.

Müxtəlif yaş kateqoriyalarında fərdi, sinxron və ikili mini-batut proqramlarında ölkəmizi təmsil edən idmançılarımız beynəlxalq arenada öz bacarıqlarını nümayiş etdiriblər. Gimnastlarımız yarışları 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medalla tamamlayıblar.

Yarışın ən əlamətdar nəticələrindən biri Ammar Baxşalıyevin tarixi uğuru olub. Batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında fərdi proqramda çıxış edən təmsilçimiz yarımfinal mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib. Həlledici mərhələdə 55.450 xal qazanan Ammar Baxşalıyev bürünc medala sahib çıxıb. Qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi əldə edib.

Bu nəticə ilə Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında Dünya çempionatının fərdi proqramında medal qazanan ilk gimnastımız olub.

Tamblinq üzrə 17–21 yaş kateqoriyasında mübarizə aparan Bilal Qurbanov da ölkəmizə medal qazandırıb. Təsnifat mərhələsində 52.400 xalla 2-ci nəticəni göstərən gimnastımız finalda 27.000 xal toplayaraq gümüş medala layiq görülüb. Eyni yaş kateqoriyasında çıxış edən Hüseyn Əsədullayev isə 48.900 xalla 8-ci pillədən finala yüksəlib və həlledici mərhələdə 25.700 xalla 5-ci yeri tutub.

Azərbaycan komandasının daha bir medalı batut gimnastikası üzrə sinxron proqramda qazanılıb. 13–14 yaş kateqoriyasında çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı təsnifat mərhələsində 44.050 xalla 8-ci pillədən finala vəsiqə qazanıblar. Gimnastlarımız final mərhələsində nəticələrini yaxşılaşdıraraq 46.160 xalla bürünc medalın sahibi olublar.

Batut gimnastikası üzrə 17–21 yaş kateqoriyasında sinxron proqramda mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev də finalçılar sırasında yer alıblar. Təsnifat mərhələsində 48.960 xalla 4-cü nəticəni göstərən idmançılarımız finalda 47.600 xal toplayaraq yarışı 5-ci pillədə tamamlayıblar.

Eyni yaş kateqoriyasında sinxron proqram üzrə çıxış edən Əli Niftəliyev və Mehdi Əliyev 23.350 xalla 24-cü, qadınların yarışında Ayan Şabanova və Şəfiqə Hümbətova isə 19.650 xalla 23-cü yerdə qərarlaşıblar.

Fərdi proqramda mübarizə aparan Nicat Mirzəyev 58.790 xalla təsnifat mərhələsində 67-ci, Mehdi Əliyev isə 16.610 xalla 81-ci nəticəni göstərib.

15–16 yaş kateqoriyasında fərdi proqram üzrə çıxış edən Samirə Hüseynova 93.150 xalla 14-cü, Ammar Baxşalıyev isə 100.660 xalla 6-cı pillədən yarımfinal mərhələsinə yüksəliblər. Eyni yaş kateqoriyasında mübarizə aparan Səma Cəfərova 84.430 xalla təsnifat mərhələsini 39-cu pillədə tamamlayıb.

13–14 yaş kateqoriyasında qadınların sinxron proqramında çıxış edən Melisa İsmixanova və Aylin Ağazadə 25.380 xalla təsnifat mərhələsində 19-cu yeri tutublar.

Tamblinq üzrə digər təmsilçilərimiz də müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. 11–12 yaş kateqoriyasında fərdi proqramda çıxış edən Əsnad Niftəliyeva 42.700 xalla 8-ci pillədən final mərhələsinə vəsiqə qazanıb.

13–14 yaş kateqoriyasında Sənan Rzazadə 43.800 xalla təsnifat mərhələsini 11-ci, Xədicə Məmmədova isə 42.900 xalla 15-ci pillədə tamamlayıb. 15–16 yaş kateqoriyasında çıxış edən İlham Məsimov 43.300 xalla 23-cü nəticəni göstərib.

Beləliklə, Azərbaycan gimnastları Nankində keçirilən mötəbər yarışlarda 3 medal qazanmaqla yanaşı, bir sıra final mərhələlərində də təmsil olunublar. Xüsusilə Ammar Baxşalıyevin tarixi bürünc medalı, Bilal Qurbanovun gümüş mükafatı, həmçinin Muhamməd Həsənli və Ömər Qasımlının sinxron proqramda əldə etdikləri bürünc medal ölkəmizdə batut gimnastikası və tamblinq üzrə gənc idmançıların potensialını bir daha nümayiş etdirib.

Əldə olunan nəticələr Azərbaycan gimnastikasında yetişməkdə olan yeni nəslin beynəlxalq rəqabətə hazır olduğunu və gələcək yarışlarda daha böyük nailiyyətlər qazanmaq potensialına malik olduğunu göstərir.

Orijinal mənbə

İdman24 əsas səhifə