Bakı cüdo üzrə dünya çempionatına hazırlaşır — biletlər satışdadır

4–11 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı ilə bağlı rəsmi kommunikasiya kampaniyasına start verilir. Kampaniyanın başlanması ilə yanaşı, çempionatın biletləri artıq satışa çıxarılıb. Dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Çempionatla bağlı rəsmi kommunikasiya kampaniyası çərçivəsində yarışın əsas vizual xətti də ictimaiyyətə təqdim olunur. Yeni vizual yanaşma Bakı 2026 cüdo üzrə dünya çempionatının ruhunu, idman enerjisini və Azərbaycanın ev sahibliyini əks etdirir. Yarış günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər. Azərbaycan azarkeşləri dünya cüdosunun ən güclü idmançılarını canlı izləmək və milli komandamıza doğma arenada dəstək olmaq imkanı qazanacaqlar. Son illərdə Azərbaycan cüdosu beynəlxalq arenada qazandığı nəticələrlə diqqət mərkəzindədir. Dünya çempionatının Bakıda keçirilməsi ölkəmizin cüdo ailəsindəki nüfuzunu və bu idman növünə verilən önəmi bir daha göstərir. Növbəti aylarda çempionatla bağlı yarış proqramı, iştirakçılar, azarkeş zonaları, xüsusi layihələr və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq. Çempionatın biletlərini iTicket.az vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış kassalarından əldə etmək mümkündür. Yarışla bağlı əlavə məlumatlar Azərbaycan Cüdo Federasiyasının rəsmi veb-saytı və sosial media hesabları vasitəsilə paylaşılacaq.