İdman24
Gimnastika · Gimnastika Federasiyası

Zəfər gününə Zəfərlə

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında Azərbaycan gimnastları üçün daha bir uğurlu yarış günü geridə qalıb. Noyabrın 6-da milli komandamızın üzvləri müxtəlif proqramlarda mühüm nəticələr əldə edib, bir sıra final və yarımfinal vəsiqələri qazanıblar. Günün ən böyük uğuru isə tamblinq üzrə komandamızın Dünya çempionu titulunu növbəti dəfə qazanması olub.

Tamblinq üzrə komanda hesabında Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət milli komandamız təsnifat mərhələsini lider kimi başa vuraraq finala birinci pillədən yüksəlib. Həlledici mərhələdə də yüksək səviyyəli çıxışını davam etdirən komandamız 25 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan millisi finalda Danimarka komandasını 1 xal, ABŞ yığmasını isə 5 xal qabaqlayaraq Dünya çempionu olub. Bununla da tamblinqçilərimiz 2023 və 2025-ci illərdən sonra üçüncü dəfə komanda hesabında Dünya çempionu tituluna sahib çıxaraq dünya arenasında üstün mövqelərini bir daha təsdiqləyiblər. Qazanılan bu böyük uğur 8 Noyabr – Zəfər Gününə təsadüf edir. Günün digər sevindirici nəticələri tamblinq üzrə fərdi proqramda qeydə alınıb. İkinci təsnifat mərhələsində Mixail Malkin 30.100 xalla üçüncü, Tofiq Əliyev isə 29.600 xalla altıncı nəticəni göstərərək finala vəsiqə qazanıblar. Digər təmsilçimiz Aleksey Karataşov 26.800 xalla 13-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Aleksey Karataşov böyüklər arasında Dünya çempionatında ilk dəfə iştirak edir.

Batut gimnastikasında da təmsilçilərimiz mübarizəni uğurla davam etdiriblər. Qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov yarımfinal mərhələsində 50.710 xal toplayaraq 7-ci nəticə ilə finala yüksəliblər. Bacı-qardaş ilk təsnifat mərhələsində 50.250 xal toplamışdı və növbəti mərhələdə nəticələrini yaxşılaşdıraraq medallar uğrunda mübarizəni davam etdirmək hüququ qazanıblar. Kişilərin sinxron proqramında Maqsud Mahsudov və Hüseyn Abbasov təsnifat mərhələsində 50.900 xal toplayaraq 12-ci pillədə qərarlaşıb və ikinci təsnifat mərhələsində iştirak hüququ əldə ediblər. Gimnastlarımız ikinci təsnifat mərhələsini 15-ci pillədə başa vurublar. Qeyd edək ki, Hüseyn Abbasov ilk dəfədir ki, böyüklər yaş kateqoriyasında Dünya çempionatında debüt edir.

Beləliklə, noyabrın 6-sı Azərbaycan gimnastikası üçün həm Dünya çempionluğu, həm də bir neçə həlledici mərhələyə vəsiqə ilə yadda qalıb.

Noyabrın 7-də də gimnastlarımızı mühüm çıxışlar gözləyir. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov yarımfinal mərhələsində mübarizə aparacaqlar. Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramın finalında, tamblinq üzrə Mixail Malkin və Tofiq Əliyev isə fərdi proqramın finalında Dünya çempionatının medalları uğrunda yarışacaqlar.

Orijinal mənbə

İdman24 əsas səhifə