İdman24
Gimnastika · Gimnastika Federasiyası

Nankində gümüşlə yazılan tarix

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir. Noyabrın 7-si gimnastlarımız üçün iki gümüş medal və daha bir final vəsiqəsi ilə əlamətdar olub.

Günün ən mühüm nəticələrindən biri batut gimnastikası üzrə qarışıq sinxron proqramda qeydə alınıb. Azərbaycanı təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov final mərhələsində 52.010 xal toplayaraq Dünya çempionatının gümüş medalını qazanıblar.

Bacı-qardaş tandeminin bu uğuru Azərbaycan gimnastika tarixi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda ölkəmizə Dünya çempionatının ilk gümüş medalını qazandırıblar. Gərgin mübarizə şəraitində keçən finalda qızıl medala Belarus təmsilçiləri sahib çıxıb, Yaponiya gimnastları isə üçüncü yeri tutublar.

Azərbaycan millisinin medal hesabına növbəti töhfəni Tofiq Əliyev verib. Fərdi proqramın finalında uğurlu çıxış nümayiş etdirən gimnastımız 29.700 xal toplayaraq Dünya çempionatının gümüş medalına sahib olub.

Bu nəticə Tofiq Əliyevin karyerasında da xüsusi yer tutur. Belə ki, o, fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalını qazanıb. Finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl, ABŞ gimnastı Kaden Brown isə bürünc medala sahib olub.

Bununla da tamblinq üzrə təmsilçilərimizin Dünya çempionatındakı mübarizəsi başa çatıb.

Noyabrın 7-də daha bir sevindirici xəbər Selcan Mahsudovadan gəlib. Milli komandamızın üzvü Selcan Mahsudova yarımfinal mərhələsində 56.140 xal toplayaraq 6-cı pillədən finala vəsiqə qazanıb.

Selcan Mahsudovanın bu nəticəsi xüsusilə diqqətçəkən olub. Gimnastımız Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i 6 pillə qabaqlayaraq Dünya çempionatının finalçıları sırasında yer alıb.

Kişilərin fərdi proqramında çıxış edən Maqsud Mahsudov isə yarımfinal mərhələsində 37.850 xal toplayaraq mübarizəni 20-ci pillədə başa vurub.

Beləliklə, Azərbaycan gimnastları noyabrın 7-də Nankində iki gümüş medal qazanmaqla yanaşı, daha bir final vəsiqəsinə sahib olublar.

Noyabrın 8-də Selcan Mahsudova qadınların fərdi proqramının finalında Azərbaycanı təmsil edərək Dünya çempionatının medalları uğrunda mübarizə aparacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə