Finala doğru uçuş: Selcan Mahsudova həlledici mərhələdə

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu Dünya çempionatından sevindirici xəbərlər gəlməyə davam edir.
Noyabrın 7-də batut gimnastikası üzrə qadınların fərdi proqramında yarımfinal mərhələsində çıxış edən milli komandamızın üzvü Selcan Mahsudova uğurlu çıxışı ilə adını Dünya çempionatının finalçıları sırasına yazdırıb.
Gimnastımız yarımfinalda 56.140 xal toplayaraq 6-cı pillədən final mərhələsinə yüksəlib və dünyanın ən güclü batut gimnastları arasında medallar uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Selcan Mahsudovanın əldə etdiyi nəticənin diqqətçəkən məqamlarından biri də onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i 6 pillə qabaqlayaraq finala vəsiqə qazanması olub.
Kişilərin fərdi proqramında ölkəmizi təmsil edən Maqsud Mahsudov isə yarımfinal mərhələsində 37.850 xal toplayaraq mübarizəni 20-ci pillədə başa vurub.
Xatırladaq ki, Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatında qarışıq sinxron proqramda da uğurlu çıxış edərək final mərhələsinə yüksəliblər. Beləliklə, Selcan Mahsudova Nankində həm fərdi, həm də qarışıq sinxron proqramda final həyəcanı yaşayacaq.
Dünya çempionatında Azərbaycan gimnastlarının mübarizəsi davam edir.