Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatının finalında

Çindən gələn sevindirici xəbərlərə daha biri əlavə olunub. Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında ölkəmizi təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda finala vəsiqə qazanıblar.
Bu gün yarımfinal mərhələsində çıxış edən bacı-qardaş 50.710 xal toplayaraq 7-ci pillədən həlledici mərhələyə yüksəliblər. Bununla da təmsilçilərimiz medallar uğrunda mübarizəni finalda davam etdirmək hüququ əldə ediblər.
Qeyd edək ki, Selcan Mahsudova və Maqsud Mahsudov ilk təsnifat mərhələsində 50.250 xal toplayaraq yarımfinala yüksəlmişdilər. Növbəti mərhələdə nəticələrini yaxşılaşdıran gimnastlarımız çempionatda daha bir mühüm addım atıblar.
Qarışıq sinxron proqram üzrə final mərhələsi noyabrın 7-də keçiriləcək. Təmsilçilərimizə fəxri kürsü uğrunda mübarizədə uğurlar arzulayırıq!