İdman24
Gimnastika · Gimnastika Federasiyası

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Oktyabrın 21-də batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə birinciliyi keçirilib.

Müxtəlif yaş kateqoriyalarından olan gimnastların iştirak etdiyi yarışda idmançılar öz bacarıqlarını nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar.

Batut gimnastikası üzrə iştirakçılar kiçiklər (2016–2018-ci il təvəllüdlülər), uşaqlar (2014–2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012–2013-cü il təvəllüdlülər) və gənclər (2010–2011-ci il təvəllüdlülər) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda çıxış ediblər.

Tamblinq üzrə yarışlarda isə uşaqlar (2016–2018-ci il təvəllüdlülər), yeniyetmələr (2014–2015-ci il təvəllüdlülər) və gənclər (2010–2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında qadınlar və kişilər mübarizə aparıblar.

Yarış proqramı çərçivəsində batut gimnastikası üzrə kiçiklər və uşaqların fərdi çıxışları, yeniyetmə və gənclərin fərdi proqramları, eləcə də müxtəlif yaş kateqoriyalarında sinxron çıxışlar təqdim olunub.

Birincilikdə iştirak edən milli komandanın üzvləri də uğurlu nəticələrlə yadda qalıblar.

Batut gimnastikası üzrə Ömər Qasımlı qızıl, Muhamməd Həsənli gümüş, Melisa İsmixanova isə bürünc medal qazanıb.

Tamblinq üzrə milli komandanın üzvlərindən Sənan Rzazadə qızıl, İlham Məsimov gümüş, Riad Cavadov isə bürünc medal əldə edib.

Qalib və mükafatçılar medal və diplomlarla təltif olunublar.

Yarış çərçivəsində Dünya yaş qrupları yarışlarında iştirak edəcək milli komandanın üzvləri də nümunəvi çıxışlar təqdim ediblər. Belə ki, Ayan Şabanova, Şəfiqə Hümbətova, Mehdi Əliyev, Nicat Mirzəyev və Əli Niftəliyev fərdi proqramda, Şəfiqə Hümbətova və Ayan Şabanova qadınların sinxron proqramında, Nicat Mirzəyev və Mehdi Əliyev isə kişilərin sinxron proqramında çıxış ediblər.

Bu cür ölkə birincilikləri gənc idmançıların yarış təcrübəsinin artırılması, texniki hazırlıq səviyyələrinin yüksəldilməsi və perspektivli gimnastların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu yarışlar ölkəmizdə batut gimnastikası və tamblinqin inkişafına, idman növlərinə marağın artırılmasına və gələcək milli komanda üzvlərinin yetişdirilməsinə töhfə verir.

Orijinal mənbə

İdman24 əsas səhifə